HEPATİT C BİZDƏN SORUŞULUR

HEPATİT C HAQQINDA HƏR ŞEY. ƏN YENİ MÜALİCƏLƏR və ƏN YENİ MƏLUMATLAR. HEPATİT C BİZDƏN SORUŞULUR.

HEPATİT C DƏRMANLARI


Hepatit c`nin müasir müalicəsi düz (birbaşa) təsirli antiviral (DAA – direct acting antivirals) dərmanlarla aparılır. Bu dərmanlar sözün əsl mənasında hepatit c xəstələrinin həyatını qurtarır. DAA`ların hepatit c`nin müalicəsi üçün istifadəyə verilməsilə interferon və ribavirinin istifadəsi kəskin şəkildə azalmışdır. Çünki bu dərmanlar hepatit c`nin müalicəsində gözlənilən ümidləri doğrultmadı. Əlavə təsirlərinin çoxluğu, müalicə kursu sonunda nəticənin o qədər də ürək açan olmaması və müalicə müddətinin uzunluğu xəstələri bu dərmanlardan imtina etməyə məcbur edirdi. Bütün bunlar yeni daha effektiv və daha uğurlu dərman preparatlarının işlənib hazırlanmasına zərurət yaradırdı. Yeni dərmanlar hepatit viruslarına birbaşa yolla təsir göstərir və ingiliscə DAA (Direct Acting Antivirals) dərmanlar adlanır. DAA dərmanların effektinin yüksək olması, əlavə təsirlərinin daha az olması, istifadəsinin rahat və müalicə kursunun qısa olması onların əsas üstünlüyüdür. İnterferon və ribavirinlə müalicə isə əzablı idi. Bu müalicənin xeyli əlavə təsirinin olması və xəstələr tərəfindən pis qəbul olunması səbəbindən müalicə yarımçıq dayandırılırdı. Müalicə kursu uzun idi və effektivlik az idi. Hətta kurs başa çatdıqdan sonra belə nəticə kifayət qədər deyildi. Məsələn bu müalicə ilə hepatit c`nin 1b genotipində tam kursdan sonra (24 həftə) nəticə 50% ətrafındadır. Xəstələrin həyatını qurtaran DAA dərmanlarının təsir mexanizmi yəni onların virusa necə təsir göstərməsi də maraqlıdır. Bu dərmanlar hepatit c virusunun ferment xassəli zülallarına təsir göstərib onları inhibə edir. Həmin zülallar öz funksiyasını yerinə yetirə bilmədiyi üçün virusun həyat tsikli pozulur. Virusun inkişafı və çoxalması dayanır və virus məhv olur. DAA dərmanlar virusun hansı proteininə təsir göstərməsinə görə bir neçə qrupa ayrılır. Bunlar hepatit c`nin müasir müalicəsi üçün ümumdünya səhiyyə təşkilatı tərəfindən tövsiyə olunan dərmanlardır. Aşağıda bu dərmanlar haqqında qısa şəkildə məlumat veririk.



1. NS3A və NS4A serin proteaza inhibitorlar 

bunlar müvafiq proteaza xassəli proteinlərə təsir göstərib onların aktivliyini azaldır, yəni inhibə edir. Bunların bir çox nümayəndəsi vardır, lakin daha effektiv növbəti qrupların nümayəndələri olduğu üçün geniş istifadə olunmur. Ən geniş istifadə olunanları grazoprevir, peritaprevir, simeprevirdir.

2. NS5A inhibitorları

bu dərmanlar NS5A proteini blokada edib virusun çoxalmasını dayandırır. Bu qrupun nümayəndələrindən ən geniş istifadə olunanı daclatasvir və ledipasvir, velpatasvir, elbasvirdir. Tək şəkildə istifadə edilmir, çünki viruslarda bu dərmanlara qarşı rezistentlik (öyrəşmə) yaranır.

3. NS5B RNA polimeraza inhibitorları 

bu qrup dərmanlar hepatit c virusunun RNT`sinə bağlı olan RNT polimeraza fermentini blokadaya alır. Bu ferment virus RNT`sinin replikasiyasında rol oynayan ən önəmli amildir. Bu dərmanların təsirindən virusun replikasiyası (çoxalması) dayanır. Bu qupa aid olan dərmanlar təsir mexanizminə görə 2 qrupa ayrılır. Nukleotid analoqları və qeyri-nukleotid inhibitorları. Bu qrupun ən effektiv və geniş istifadə olunanı Sofosbuvirdir.
Hal-hazırda hepatit c`nin müalicəsində bütün dünyada ən geniş istifadə olunan DAA dərmanlar Ledipasvir, Sofosbuvir, Daclatasvir, Semiprevir, Velpatasvir və daha bir neçə dərmandır. Bu dərmanlar adətən tək halda deyil bir neçə dərmanla kombinasiyada istifadə edilir. Bu dərmanların hansının istifadə olunması xəstəliyin genotipindən və digər amillərdən asılıdır. Hazırda dünyada məşhur olan Harvoni dərmanı ABŞ`nin Gilead Science şirkətinin məhsuludur, tərkibi ledipasvir və sofosbuvirdən ibarətdir və hepatit c`nin 1, 4, 5 və 6`cı genotiplərində yüksək effekt verir. Ancaq bu dərman ABŞ və inkişaf etmiş ölkələr üçün nəzərdə tutulmuşdur və qiyməti kifayət qədər bahadır. Gilead şirkəti digər ölkələrdə də əlçatan olması məqsədilə Hindistan və Misirə bu dərmanları istehsal etmək üçün lisenziya vermişdir və hazırda həmin ölkələrdə harvoni, sovaldi və digər dərmanların generikləri buraxılır. Hindistanın bir neçə məşhur dərman şirkətinə bu dərmanların istehsalı üçün icazə verilmişdir. 
Əgər sirroz inkişaf etməyibsə bu dərmanlarla 12 həftəlik müalicə kursu ilə 96%`in üzərində tamamilə sağalmaya nail olmaq olar. Sirrozlu xəstələrdə bu müddət 24 həftəyə qədər arta bilər və ya digər antiviral dərman əlavə etməklə müalicəni 12 həftəyə başa çatdırmaq olar. Bu variantların hansının istifadə olunacağını xəstənin ümumi vəziyyətinə görə və analizlərin nəticələrinə görə həkim seçir və müəyyən kənara çıxmalar mümkündür.
Sofosbuvir+Daclatasvir kombinasiyasından 3`cü genotiplərdə yüksək effekt əldə olunur.
Bu yaxınlarda velpatasvir molekulu FDA tərəfindən istifadə üçün təstiqlənmişdir. Hepatit c`nin bütün genotiplərində yüksək effektə malikdir. 




Ledipasvir
ABŞ`nin Gilead şirkəti tərəfindən istehsal olunan və yeni istifadəyə verilən hepatit c`nin müasir müalicəsində uğurla tətbiq olunan yeni dərmanlardandır. Molekul çəkisi 889.00`dur. Molekul quruluşu aşağıdakı kimidir.
NS5A inhibitorudur. NS5A bir fosfoproteindir, virusun RNT`sinin replikasiyasında yəni virusun çoxalmasında rol oynayır. Buna görə də bu proteinin dərmanlarla blokadaya alınması virusun çoxalmasını dayandırır. Ancaq NS5A inhibitorları antivirallara qarşı sürətli davamlılıq əmələ gəlir. Buna görə də bu dərmanlar tək başına istifadə olunmur. Digər antivirallarla o cümlədən Sofosbuvirlə kombinasiyasından geniş istifadə edilir. Bu kombinasiya hepatit C`nin 1, 4,5 və 6 `cı genotiplərinin müalicəsində çox uğurla istifadə 
olunur.

Sofosbuvir
ABŞ`nin Gilead şirkəti tərəfindən istehsal olunan və istifadəyə verilən virus əleyhinə olan ən yeni və uğurlu dərmanlardandır. Hepatit C`nin müasir müalicəsinin əsasını təşkil edir. Molekul çəkisi 529.45`dir. Molekul quruluşu aşağıdakı şəkildə göstərilmişdir.
NS5B`nin inhibitoru nukleotid analoqudur. Hepatit C virusu genomunun NS5B bölgəsi RNT polimeraza fermentini kodlaşdırır. Bu ferment isə RNT şablonu üzərində yeni RNT`lərin replikasiyasını həyata keçirir. Sofosbuvir RNT polimeraza fermentinin aktiv mərkəzinə bağlanıb RNT`nin yeni kopyalarının əmələ gəlməsinin qarşısını alır. Virusun çoxalması dayanır. Hepatit C`nin demək olar bütün genotiplərində kombinasiyada istifadə edilir. Virusu orqanizmdən tamamilə təmizləyir. Müalicə kursu sirrozun varlığından, xəstənin ümumi vəziyyətindən, digər antiviral dərmanların verilmə imkanından asılı olaraq 3-6 ay arasıdır.

Daclatasvir 
Bristol-Myers Squibb şirkəti tərəfindən istifadəyə buraxılıb. Hepatit C`nin müalicəsində istifadə olunan yeni dərmandır. NS5A inhibitorudur. NS5A proteinini blokadaya almaqla hepatit c virusunun çoxalmasını dayandırır. Sürətli öyrəşmə inkişaf etdiyi üçün tək başına yox digər antivirallarla kombinasiyada işlədilir. Hepatit C`nin 3`cü genotipinin müalicəsində sofosbuvirlə kombinasiyasından istifadə olunur.

Qeyd 1
Bu sayt hepatit c xəstələrini lazım olan minimal tibbi informasiya ilə təmin etmək məqsədilə infeksionist hepatoloq dr. Mərdan Əliyev tərəfindən peşəkar səviyyədə hazırlanmışdır. Bu məlumatlar yalnız maarifləndirmə xarakteri daşıyır. Özünü müalicə halları qətiyyən yolverilməzdir, müxtəlif ağırlaşmalara, dərmanların əlavə təsirinə məruz qalmaya, xəstəliyin agressivləşməsinə və dərmanlara rezistentlik hallarının yaranmasına gətirib çıxara bilər. Belə hallara görə sayt məsuliyyət daşımır. 

Qeyd 2
Hepatit c dərmanları hazırda ehtiyac çox olduğu üçün heç bir tibbi savadı olmayan şəxslər tərəfindən gətirilib əldə satılmaqdadır. Belə dərmanların mənşəyi məlum deyil və ölkəmizdə qeydiyyatdan keçirilməmişdir. Odur ki, belə dərmanların alınması qətiyyən doğru deyil və pasientlərin sağlamlığı üçün təhlükəlidir.