HEPATİT C BİZDƏN SORUŞULUR

HEPATİT C HAQQINDA HƏR ŞEY. ƏN YENİ MÜALİCƏLƏR və ƏN YENİ MƏLUMATLAR. HEPATİT C BİZDƏN SORUŞULUR.

HEPATİT C MÜALİCƏSİ

Hepatit c xəstəliyi virus mənşəli yoluxucu xəstəlikdir. Xəstələrin əksəriyyəti onlarda bu xəstəliyin olduğundan xəbərsiz olurlar. Çünki bu xəstəlik əksər hallarda simptomsuz gedir və heç bir əlaməti olur. Çox hallarda təsadüfi müayinə nəticəsində, əməliyyata hazırlıq zamanı qan analizində, qan verən zaman yoxlanarkən onlarda belə bir virusun olduğundan xəbər tuturlar. Bu vaxt xəstələr onlarda qəfil virus peyda olmasından narahat olurlar, panikaya düşürlər, qorxu və gərginlik keçirirlər. Bu hallara səbəb xəstəliyin qəfil aşkar olunması və onlarda hepatit c virusu barədə ağızdan ağıza eşidilən məlumatlardan başqa hər hansı ətraflı informasiyanın olmamasıdır. Doğrudur hepatit c virus infeksiyası qaraciyərdə zədələnmə törədib son nəticədə qaraciyər sirrozuna və qaraciyər xərçənginə gətirib çıxara bilir. Xəstələri də panikaya salan onların şifahi eşitdikləri bu məlumatdır, amma hepatit c sirroz mərhələsinə əksər hallarda ən azı 10-15 ilə gətirib çıxarır. Həmin xəstələrə verəcəyim şad xəbər budur ki, hepatit c tamamilə müalicə olunur, buna görə də ondan bu dərəcədə qorxmağa heç bir səbəb yoxdur. Beləliklə bu virus sizdə aşkar olunduqda panikləməməli, sadəcə düzgün həkimə, hepatoloqa görünməlisiniz. Bundan sonra ən münasib vaxtda müalicə planlamalısınız. Xəstəliyin müalicəsinə tez-tələsik başlamağa ehtiyac yoxdur. Ancaq müalicənin səbəbsiz ertələnmələri də düzgün deyil, çünki müalicə nə qədər tez başlanarsa qaraciyərin zədələnmə dərəcəsi də bir o qədər az olur.
Hepatit c`nin müasir müalicəsi son zamanlar düz (birbaşa) təsirli antiviral (DAA – direct acting antivirals) dərmanlarla aparılır. Bu dərmanlar sözün əsl mənasında hepatit c xəstələrinin həyatını qurtarır. DAA`ların hepatit c`nin müalicəsi üçün istifadəyə verilməsilə əvvəllər istifadə edilən interferon və ribavirinin istifadəsi kəskin şəkildə azalmışdır. Hətta belə demək olar ki, Hepatit C virus infeksiyası zamanı istifadə edilən İnterferon-Ribavirin dövrü artıq keçmişdə qaldı. Çünki bu dərmanlar hepatit c`nin müalicəsində gözlənilən ümidləri doğrultmadı. Əlavə təsirlərinin çoxluğu, müalicə kursu sonunda nəticənin o qədər də ürək açan olmaması və müalicə müddətinin uzunluğu xəstələri bu dərmanlardan imtina etməyə məcbur edirdi. Buna görə daha effektiv və əlavə təsirləri az olan yeni dərmanlara ehtiyac vardı. Bu dərmanlar hepatit viruslarına birbaşa yolla təsir göstərir və ingiliscə DAA (Direct Acting Antivirals) dərmanlar adlanır. DAA dərmanların effektinin yüksək olması, əlavə təsirlərinin az olması, istifadəsinin rahat və müalicə kursunun qısa olması onların əsas üstünlüyüdür. İnterferon və ribavirinlə müalicə isə əzablı idi. Bu müalicənin xeyli əlavə təsirinin olması və xəstələr tərəfindən pis qəbul olunması səbəbindən bir çox hallarda müalicə yarımçıq dayandırılırdı. Müalicə kursu uzun idi və effektivlik az idi. Hətta kurs başa çatdıqdan sonra belə nəticə kifayət qədər deyildi. Məsələn bu müalicə ilə hepatit c`nin 1b genotipində tam kursdan sonra (24 həftə) nəticə 50% ətrafındadır. Xəstələrin həyatını qurtaran DAA dərmanlarının təsir mexanizmi yəni onların virusa necə təsir göstərməsi də maraqlıdır. Bu dərmanlar hepatit c virusunun ferment xassəli zülallarına təsir göstərib onları inhibə edir. Həmin zülallar öz funksiyasını yerinə yetirə bilmədiyi üçün virusun həyat tsikli pozulur. Virusun inkişafı və çoxalması dayanır və virus məhv olur. DAA dərmanlar virusun hansı proteininə təsir göstərməsinə görə bir neçə qrupa ayrılır. Bunlar hepatit c`nin müasir müalicəsi üçün ümumdünya səhiyyə təşkilatı tərəfindən tövsiyə olunan dərmanlardır. Lakin bu dərmanlar hepatit c virusunun genotipinə müvafiq olaraq həkim tərəfindən düzgün şəkildə təyin olunmalıdır. Əks halda bu dərmanların təsir effekti zəif olacaq və yaxud heç olmayacaqdır. Bu dərmanlarla standart müalicə kursu 3 aydır (12 həftə). Lakin bəzi hallarda 8 həftəlik kursla da tamamilə sağalmaq mümkündür. Sirrozlarda və əvvəllər interferonla müalicə alıb sağalmayan pasientlərdə müalicə kursunun müddəti bir qədər uzana bilər. Hepatit c xəstəliyinin müalicəsi barədə əlavə suallarınız olarsa 050 273 93 05 telefon nömrəsi ilə Hepatoloqla Dr. Mərdan Əliyev ilə əlaqə saxlaya bilərsiniz. Sizə sağlamlıq arzulayırıq.